
Yararsız xarici pul nişanlarının dəyişdirilməsi prosesi necə aparılır?
Fins.az – “Azər Türk Bank” ASC müştərilərə yararsız xarici valyutanın qəbulu, ekspertizası, dəyişdirilməsi və ya əvəzinin ödənilməsi üzrə xidmət göstərir.
Bankın məlumatına görə, xidmət çərçivəsində müştərilər yararsız əsginasları banka təqdim edir, onların ekspertizadan keçirilməsini təmin edir, müəyyən edilmiş xidmət haqqını ödəyir və prosedur tamamlandıqdan sonra yeni əsginasları əldə edirlər.
Bildirilir ki, üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq görünən yazı və ya ləkə olan əsginaslar yararsız hesab edilir. Eyni zamanda, vizual olaraq nəzərə çarpacaq dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş, yapışqan lent və ya digər yapışdırıcı vasitələrlə birləşdirilmiş əsginaslar da yararsız sayılır.
Bank qeyd edir ki, ön və ya arxa tərəfində çirklənmə nəticəsində parlaqlığı azalmış, kənarında kəsik olan, bir və ya daha çox dəliyi və ya küncü olmayan, standart ölçülərə uyğun gəlməyən, üzərində ləkə, yanıq izi, yazı, simvol, şəkil və ya ştamp olan əsginaslar da yararsız xarici valyuta kimi qəbul edilir.
Bundan başqa, tədavüldən çıxarılmış, gələcəkdə tədavüldən çıxarılacağı və ya emissiyasının dayandırılacağı elan edilmiş, eləcə də digər səbəblərlə bankın ekspertizası əsasında dəyişdirilməsi və ya əvəzinin ödənilməsi tələb olunan xarici valyutalar da bu xidmət çərçivəsində qiymətləndirilir.
Məlumata əsasən, bankda ABŞ dolları (USD), Avro (EUR), İngiltərə funt sterlinqi (GBP) və İsveçrə frankı (CHF) üzrə yararsız əsginasların dəyişdirilməsi mümkündür.
Bank bildirir ki, yararsız xarici valyutanın dəyişdirilməsi xidməti ödənişlidir və bunun üçün xidmət haqqı tutulur.
Əlavə ekspertizaya ehtiyac olmadığı hallarda isə yararsız xarici valyutanın dəyişdirilməsi müştərinin bankı tərk etmədən həyata keçirilə bilər.