Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini son 31 ilin maksimumuna qaldırdı

Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini son 31 ilin maksimumuna qaldırdı

BANK
104

Yaponiya Mərkəzi Bankı (BOJ) çərşənbə axşamı keçirilən iclasında əsas faiz dərəcəsini gözləntilərə uyğun olaraq 25 baza bəndi artıraraq 1%-ə yüksəldib. Beləliklə, faiz dərəcəsi son 31 ilin ən yüksək səviyyəsinə çatıb.

Fins.az xəbər verir ki, qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 7 səs lehinə, 1 səs əleyhinə olmaqla qəbul edilib. BOJ rəhbəri Kazuo Ueda səhhəti ilə əlaqədar iclasda iştirak etməyib. İdarə Heyətinin üzvü Toiçiro Asada isə faiz dərəcəsinin dəyişdirilmədən saxlanılmasının tərəfdarı olub.

Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, xam neftin bahalaşmasının yaratdığı qiymət təzyiqləri korporativ sektorda sürətlə son istehlak qiymətlərinə ötürülür. Bu isə istehlak qiymətləri indeksinin (CPI) artım tempinin yenidən bankın hədəflədiyi 2%-lik səviyyəni aşmasına səbəb ola bilər.

Tənzimləyici inflyasiya risklərinin davam etdiyini vurğulayaraq monetar siyasətin daha da sərtləşdirilməsi istiqamətində addımlarını açıqlayıb.

BOJ həmçinin dövlət istiqrazlarının alış proqramının mərhələli şəkildə azaldılacağını bildirib. Yeni plana əsasən, Mərkəzi Bank 2027-ci ilin mart ayına qədər istiqraz alışlarını hər rüb təxminən 200 milyard yen azaltmağı nəzərdə tutur.

Bu müddətdən sonra aylıq istiqraz alışlarının həcmi təxminən 2 trilyon yen səviyyəsində saxlanılacaq. Bununla belə, tənzimləyici bazar şəraitindən asılı olaraq proqramda dəyişiklik etmək imkanını da özündə saxlayır.

Analitiklərin fikrincə, faiz artımı bazarlar üçün gözlənilən qərar idi. Yaponiya Mərkəzi Bankı son aylarda Yaxın Şərqdəki geosiyasi gərginliyin və enerji qiymətlərindəki dəyişikliklərin inflyasiya risklərini artırdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi.

Qərarın qəbul edilməsində yapon yeninin zəifləməsi də mühüm rol oynayıb. Zəif milli valyuta idxal məhsullarının qiymətini artıraraq inflyasiyanın sürətlənməsinə səbəb olur.

Faiz qərarından sonra yen ABŞ dollarına qarşı cüzi möhkəmlənsə də, ilin minimum səviyyələrinə yaxın qalmaqdadır. USD/JPY valyuta cütlüyü 0,06% azalaraq 160,22 yen səviyyəsinə enib.

Ekspertlər hesab edirlər ki, BOJ-un növbəti addımları əsasən inflyasiyanın dinamikasından, enerji qiymətlərindən və milli valyutanın məzənnəsindən asılı olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini son 31 ilin maksimumuna qaldırdı — Fins.az — Fins.az