Valyuta mübadiləsində hansı sənədlər tələb olunur?

Valyuta mübadiləsində hansı sənədlər tələb olunur?

BANK
216

Fins.az - “Azər Türk Bank” ASC müştərilər üçün valyuta mübadiləsi əməliyyatları üzrə təqdim etdiyi xidmətlər və tətbiq olunan prosedurlar barədə məlumat yayımlanıb.

Məlumata görə, bank mövcud məzənnə ilə xarici valyutanın alışı və satışı, xarici valyutaların konvertasiyası, milli və xarici valyutada emissiya olunmuş ödəniş kartları ilə nağdlaşdırma əməliyyatları, həmçinin pul nişanlarının mübadiləsi xidmətlərini həyata keçirir.

Qeyd olunur ki, nağd xarici valyuta mübadiləsi əməliyyatları məbləğdən asılı olaraq üç kateqoriyaya bölünür.

Bildirilib ki, 500 ABŞ dollarınadək olan əməliyyatlarda, məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Portalı vasitəsilə aparılmış əvvəlki əməliyyatlarla birlikdə 500 ABŞ dollarından az olduğu müəyyən edilərsə, əməliyyat yalnız şəxsiyyət vəsiqəsi təqdim edilməklə həyata keçirilir və bank qəbzi imzalanır.

Məlumata əsasən, 500 ABŞ dolları ekvivalentindən 20 000 manat ekvivalentinədək olan əməliyyatlarda müştərinin şəxsiyyət vəsiqəsi təqdim etməsi, pul vəsaitinin mənbəyi barədə şifahi məlumat verməsi və müvafiq sənədləri, o cümlədən bank qəbzi və “Müştərini Tanı” anketini imzalaması tələb olunur.

Qeyd edilir ki, 20 000 manat ekvivalentindən artıq əməliyyatlar zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı, pul vəsaitinin mənbəyini təsdiq edən sənədlər də təqdim edilməlidir. Sənədlər yoxlanıldıqdan sonra vəsait banka yerləşdirilir və təqdim olunmuş məlumatlar 3 gün ərzində araşdırıldıqdan sonra əməliyyatın icrası barədə müştəriyə məlumat verilir.

Bankın açıqladığı məlumata görə, vəsaitin mənbəyini təsdiq edən sənədlər sırasında daşınmaz və daşınar əmlakın alqı-satqısı müqavilələri, əməkhaqqı və ya təqaüd hesabından bank çıxarışları, qiymətli kağızların satışını təsdiq edən sənədlər, dividend gəlirləri, icarə müqavilələri, vərəsəlik sənədləri, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri təsdiq edən elektron vergi bəyannamələri və digər müvafiq sənədlər yer alır.

Bildirilib ki, valyuta mübadiləsi əməliyyatları qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir və müştərilərin təqdim etdiyi məlumatlar müvafiq qaydada yoxlanılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Valyuta mübadiləsində hansı sənədlər tələb olunur? — Fins.az — Fins.az