"Sandbox" platforması innovativ maliyyə həllərinin bazara çıxışını dəstəkləyir - AMB

"Sandbox" platforması innovativ maliyyə həllərinin bazara çıxışını dəstəkləyir - AMB

BANK
235

Azərbaycanda innovativ maliyyə məhsullarının bazara çıxarılmasını sürətləndirmək məqsədilə tətbiq olunan tənzimləyici "sandbox" mexanizmi çərçivəsində son iki ildə 35-dən çox yeni maliyyə məhsulu üzrə müraciət qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib.

Onun sözlərinə görə, rəqəmsal maliyyə xidmətləri artıq insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və bank əməliyyatlarının böyük hissəsi filiala getmədən həyata keçirilir.

F.Tofidi bildirib ki, bir neçə il əvvəl rəqəmsallaşma və rəqəmsal maliyyə xidmətləri gələcəyin mövzusu hesab olunsa da, hazırda bu proses reallığa çevrilib. O qeyd edib ki, texnologiyaların sürətli inkişafı istifadəçilərin gözləntilərini dəyişdirib və müştərilər daha sürətli, əlçatan və rahat maliyyə xidmətlərinə üstünlük verirlər.

Departament direktoru vurğulayıb ki, bu şəraitdə Mərkəzi Bankın fəaliyyəti də yeni istiqamətlər üzrə genişlənib. Onun sözlərinə görə, maliyyə sabitliyinin qorunması və bazarın tənzimlənməsi ilə yanaşı, innovativ mühitin formalaşdırılması da AMB-nin əsas prioritetlərindən birinə çevrilib.

F.Tofidi innovasiyaların inkişafı ilə risklərin effektiv idarə olunması arasında balansın qorunmasının vacibliyini də diqqətə çatdırıb.

O xatırladıb ki, 2024-cü ildən Azərbaycanda cari il başa çatan üçillik Maliyyə Sektorunun İnkişaf Strategiyası icra olunur və Mərkəzi Bank artıq növbəti strateji dövr üzrə hazırlıq işlərinə başlayıb.

F.Tofidinin sözlərinə görə, son illərin ən mühüm yeniliklərindən biri yeni maliyyə məhsulları və xidmətlərinin bazara tam çıxarılmadan əvvəl sınaqdan keçirilməsinə imkan verən xüsusi tənzimləyici rejim – "sandbox" mexanizminin tətbiqidir.

O bildirib ki, bu mexanizm çərçivəsində Mərkəzi Bank innovativ məhsul və xidmətlər üçün müvəqqəti icazə verir və onların xüsusi mühitdə sınaqdan keçirilməsini təmin edir. Sınaq uğurla başa çatdıqda məhsulun geniş bazara çıxarılması, zərurət yarandıqda isə qanunvericiliyə dəyişiklik edilməsi və ya yeni normativ tələblərin hazırlanması mümkün olur.

"Son iki il ərzində bu mexanizm çərçivəsində Mərkəzi Banka 35-dən çox yeni maliyyə məhsulu ilə bağlı müraciət daxil olub. Əlbəttə, bütün müraciətlər təsdiqlənməyib. Lakin hesab edirəm ki, bu, kifayət qədər yaxşı göstəricidir", – deyə F.Tofidi bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Sandbox" platforması innovativ maliyyə həllərinin bazara çıxışını dəstəkləyir - AMB — Fins.az — Fins.az