Samir Əliyev:"Açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir "

Samir Əliyev:"Açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir "

BANK
1,145

“Əgər fəaliyyəti dayandırılmış dörd bankın 2019-cu il kapitalları ilə bağlı açıqladığı məlumatlar şişirdilibsə, istisna deyil ki, kapitalı mənfi olan banklar yenə mövcuddur”.

Fins.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə paylaşıb. Mərkəzi Bankla fəaliyyəti dayandırılan bankların açıqlamalarının üst-üstə düşmədiyini vurğulayan ekspert tədbirin vaxtında görülməli olduğunu bildirib:

“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılan 4 bankın hamısının kapitalı mənfi imiş. Onun sözlərinə görə, “AGBank” kapitalı mənfi 145 milyon manat, “NBC Bank”ın kapitalı mənfi 23 milyon manat, “AtaBank”ın kapitalı mənfi 214 milyon manat, “Amrahbank”ın kapitalı mənfi 77 milyon manatdır. Deməli, bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur.

İndi bankların açıqlamalarına gələk. 2019-cu ilin sonuna “Atabank” istisna olmaqla digər üç bank kapitalları barədə məlumatları açıqlayıblar. Ötən ilin sonuna “NBC Bank” 58,3 milyon manat, “AGBank” 48,9 milyon manat, “Amrahbank” 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta “AGBank” 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmisi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb. Ortaya bir sual çıxır. Mərkəzi Bank rəhbərinin dediyi kimi, banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir?

Belə çıxır ki, bankların açıqladıqları məlumatlar reallıqdan tamam uzaqdır. Əgər belədirsə, deməli onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Əgər açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur”.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Samir Əliyev:"Açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir " — Fins.az — Fins.az