
Sahibkarlığa 56,5 milyon manat dövlət zəmanəti ayrılıb - ABDF
Fins.az - İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırır və kredit risklərinin minimuma endirilməsinə xidmət edir.
Məlumata görə, mexanizm çərçivəsində sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və əlavə güzəşt müddəti tətbiq olunur.
Hazırda Fond tərəfindən 52 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib. Bundan əlavə, həmin layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib.