PAŞA Bank 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb: aktivlər və depozitlər artıb

PAŞA Bank 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb: aktivlər və depozitlər artıb

BANK
460

PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında maliyyə nəticələri Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid Quliyevin təqdimatında ictimaiyyətə təqdim olunub.

Tədbirdə PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Günel Mavliyarova da çıxış ediblər. Çıxışlar zamanı bankın hesabat dövrü üzrə maliyyə göstəriciləri, strateji inkişaf prioritetləri, müştəri yönümlü yanaşma, Korporativ Sosial Məsuliyyət fəaliyyəti və istedadların idarə olunması sahəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, PAŞA Bank 2025-ci il üzrə əsas maliyyə göstəricilərində müsbət dinamika nümayiş etdirib. Bankın cəmi aktivləri 14% artaraq 9,84 milyard AZN, kredit portfeli 5% artaraq 3,88 milyard AZN, depozit portfeli isə 16% artaraq 7,90 milyard AZN təşkil edib. Kapital göstəricisi 7% artaraq 964 milyon AZN-ə yüksəlib. Eyni zamanda faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% artım göstərib.

Qeyd edilib ki, bank 19,3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu mövqeyini qoruyub saxlayır. Kredit portfelində əsas pay ticarət, xidmət, sənaye və nəqliyyat sektorlarının payına düşür. Bu, PAŞA Bankın qeyri-neft sektorunun maliyyələşdirilməsində əsas maliyyə tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir.

Eyni zamanda KOS seqmentində də bankın artım tempi bazar göstəricilərini üstələyib. Depozit bazarında bankın payı 19,8%-ə, hüquqi şəxslərin depozitləri üzrə isə 25,6%-ə yüksəlib.

Bildirilib ki, PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932 926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixinədək uzadılıb.

Qeyd edək ki, təqdim olunan maliyyə nəticələri kənar auditorlar tərəfindən yoxlanılmış və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.

Fuad Mədətov

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
PAŞA Bank 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb: aktivlər və depozitlər artıb — Fins.az — Fins.az