
Nağdsız dövriyyənin xüsusi çəkisi ödəniş kartlarında 67,6%-ə yüksəlib - AMB
Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2025-ci ildə 2024-cü illə müqayisədə 26% artaraq 99,1 milyard manat olub.
Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 67,6%-ə yüksəlib. POS-terminallar vasitəsilə aparılan hər iki təmassız ödənişdən biri artıq “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.
Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödənişləri də artıb. Əməkhaqqı kartları ilə ödənişlərin 54,2%-i nağdsız formada icra olunub. Sosial kartlarda isə nağdsız əməliyyatların xüsusi çəkisi son 3 ildə 9 faiz bəndi artaraq 20%-ə çatıb.
2025-ci il ərzində bank müştərilərinin cari hesablarından köçürmələrin sayı 59,7 milyon, həcmi isə 889,3 milyard manat təşkil edib. Bu köçürmələrin 94,4%-i say üzrə, 82,5%-i həcmi üzrə rəqəmsal bankçılıq vasitəsilə aparılıb. İnternet bankçılıq vasitəsilə köçürmələrin həcmi 2024-cü ilə nisbətən 12,4% artaraq 308,9 milyard manat, mobil bankçılıq vasitəsilə aparılan köçürmələr isə 14,3% artaraq 73 milyard manat olub.
Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların sayı 2024-cü illə müqayisədə 12,5 dəfə, həcmi isə 90,1% artıb. Ödənişlərin daha aşağı xərclərlə qəbul olunması üçün QR kod vasitəsilə ödənişlər qanunvericilik bazasına daxil edilib və AZQR kod standartı tətbiq olunub. 2025-ci ilin ikinci yarısında AÖS vasitəsilə həyata keçirilən QR ödənişləri birinci yarımillə müqayisədə sayı üzrə 6,2 dəfə, həcmi üzrə isə 7,1 dəfə artıb.
Nəqliyyat sektorunda rəqəmsal ödənişlər də genişlənib. Bakı şəhərində ictimai nəqliyyatda bütün avtobus marşrutları və metropoliten stansiyalarında bank kartları və mobil cihazlar vasitəsilə təmassız ödəniş imkanı yaradılıb. Bu həll turistlər üçün lokal kart ehtiyacını aradan qaldıraraq, beynəlxalq brendli ödəniş kartları ilə istifadəyə imkan verir.
AMB rəqəmsal ödənişlərin inkişafı üçün dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir, infrastrukturunu genişləndirərək xidmətlərin çeşid və keyfiyyətini artırır.
Fuad Mədətov
Fins.az