Məzənnə ilə bağlı gözləntilər nikbindir - AMB

Məzənnə ilə bağlı gözləntilər nikbindir - AMB

BANK
292

Cari ilin ötən dövründə Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyib və bu tendensiya həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, ilkin rəqəmlərə əsasən 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 mln. ABŞ dolları üstələyib.

“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.1 faiz bəndi azalaraq 2026-cı ilin mart ayında 28%-ə enib. Bu isə məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir”, – deyə AMB sədri bildirib.

T.Kazımov qeyd edib ki, xüsusilə aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli dərəcədə azalması nəticəsində bazarda təklif artıqlığı yaranıb və Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.

O qeyd edib ki, cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10.2% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.

“Bu dövrdə xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 93.3% artım deməkdir”, – deyə o vurğulayıb.

AMB sədri əlavə edib ki, Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu da yaxşılaşma istiqamətində yenilənib.

O bildirib ki, bu dəyişiklik əsas ixrac məhsulları üzrə qiymətlərin artması və qeyri-neft ixracının genişlənməsi ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məzənnə ilə bağlı gözləntilər nikbindir - AMB — Fins.az — Fins.az