
Mərkəzi Bank Azərbaycanın inflyasiya proqnozlarını açıqlayıb
Mərkəzi Bankın fevral proqnozlarına əsasən, 2026 və 2027-ci illərdə illik inflyasiyanın 4±2% hədəf diapazonunda qalacağı və müvafiq olaraq 5,5% və 4% təşkil edəcəyi proqnozlaşdırıldığı bildirilir.
Fins.az Azərbaycan Mərkəzi Bankı məlumatına əsasən xəbər verir ki, proqnozlara görə, 2026-cı ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1,22 faiz bəndi (f.b.), kənd təsərrüfatı istehsalçıları qiymətlərinin (KİQİ) 2,48 f.b., ticarət tərəfdaşlarında inflyasiyanın 2,09 f.b., tənzimlənən qiymətlərin birbaşa təsirinin 0,31 f.b. və digər amillərin 1,12 f.b. artırıcı təsir edəcəyi gözlənilir. Dövlət istehlakının -0,13 f.b. və nominal effektiv məzənnənin (NEM) -1,6 f.b. azaldıcı töhfə verəcəyi qeyd olunur.
Qiymətləndirmələrə görə, 2027-ci ildə proqnozlaşdırılan illik inflyasiyaya ev təsərrüfatlarının istehlakı 1,28 f.b., KİQİ 2,48 f.b., ticarət tərəfdaşlarında inflyasiya 1,79 f.b., dövlət istehlakı 0,03 f.b. və digər amillər 0,37 f.b. artırıcı təsir göstərəcək. NEM-in isə -1,96 f.b. azaldıcı təsir edəcəyi bildirilir.
Məlumatda qeyd olunur ki, 2026 və 2027-ci illərdə dövlət büdcəsi xərclərinin artımının inflyasiyaya təsirinin neytrala yaxın olacağı gözlənilir. Proqnozların reallaşmasının bir sıra xarici və daxili amillərdən asılı olduğu vurğulanır.
Əsas xarici risk mənbəyinin tərəfdaş ölkələrdə qiymətlərin yenidən artması olduğu bildirilir. Bu riskin geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflərlə müşayiət olunan ticarət müharibələri şəraitində qlobal əmtəə və maliyyə bazarlarında dalğalanmalarla şərtlənə biləcəyi qeyd edilir.
Həmçinin vurğulanır ki, ticarət tərəfdaşlarında inflyasiya səviyyəsi ilə yanaşı, nominal effektiv məzənnənin dinamikası da daxili qiymətlərə təsir göstərə bilər. Qlobal iqlim dəyişikliklərinin məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir imkanları da risk amilləri sırasında göstərilir.
Bildirilib ki, inflyasiyanı artıra biləcək əsas daxili risk isə təklif tərəfdən yerli xərc amillərinin aktivləşməsi ola bilər.
Fuad Mədətov
Fins.az