Mərkəzi Asiyada komplayens sistemləri genişlənir – yeni trend açıqlanıb

Mərkəzi Asiyada komplayens sistemləri genişlənir – yeni trend açıqlanıb

BANK
196

Qazaxıstanın Uyğunluq və Biznes Etikası Assosiasiyasının Nəzarət Şurasının sədri Dauren Akşalov Mərkəzi Asiyada etimad və rəqəmsal transformasiyanın strateji inkişafın əsasına çevrildiyini bildirib.

Fins.az xəbər verir ki, o, Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası adlı beynəlxalq tədbirin ikinci günündə çıxışı zamanı bu fikirləri səsləndirib.

D.Akşalov qeyd edib ki, komplayens (uyğunluq) artıq strateji amilə çevrilib, çünki beynəlxalq investorlar maliyyə göstəriciləri ilə yanaşı şirkətlərdə komplayens sisteminin mövcudluğuna da xüsusi diqqət yetirirlər. Onun sözlərinə görə, Qazaxıstanda komplayens modeli təkcə maliyyə təşkilatlarında deyil, həm də kvazi-dövlət sektorunda geniş tətbiq olunub.

O bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə komplayens institutunun daxil edilməsi və milli şirkətlərdə müstəqil komplayens bölmələrinin yaradılması bu sahədə mühüm addımlardandır. Eyni zamanda antiinhisar komplayens tələblərinin də qanunvericilikdə təsbit edildiyi vurğulanıb.

Dauren Akşalov qeyd edib ki, regionda əsas problemlərdən biri komplayensin bir çox hallarda formal xarakter daşımasıdır. Onun sözlərinə görə, kağız üzərində mövcudluq kifayət etmir və effektiv icra üçün rəhbərliyin birbaşa öhdəliyi – “tone at the top” yanaşması həlledici rol oynayır.

Akşalov vurğulayıb ki, etimad regionda yeni kapital formasına çevrilir və komplayens həmin etimadın formalaşması və qorunması üçün əsas vasitədir. O bildirib ki, bütün Mərkəzi Asiya ölkələri BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının iştirakçısıdır və Avrasiya Qrupu (EAG) çərçivəsində qarşılıqlı qiymətləndirmələrdən keçirlər.

Onun sözlərinə görə, region FATF standartlarına uyğunlaşma istiqamətində mühüm irəliləyişlər əldə edib və bu sahədə müsbət nəticələr müşahidə olunur.

Çıxışında rəqəmsal aktivlər və kriptosənayenin inkişafına da toxunan D.Akşalov bildirib ki, Qazaxıstanda “Astana International Financial Centre” (AIFC) çərçivəsində kriptobirjalar və pilot layihələr inkişaf etdirilir, AML/CFT və komplayens qaydalarına rəqəmsal aktivlərlə bağlı yeni tələblər daxil edilir.

O əlavə edib ki, elektron pulların tətbiqi və dövlət vəsaitlərinin rəqəmsal izlənməsi bir çox ölkələrdə artıq həyata keçirilir və bu, şəffaflığın artırılması baxımından mühüm addımdır.

Akşalov həmçinin qeyd edib ki, Özbəkistan da “Astana” modelinə bənzər beynəlxalq maliyyə mərkəzi inkişaf etdirir və burada fəaliyyətlər İngiltərə hüquq sistemi əsasında tənzimlənəcək. Eyni zamanda Qırğızıstanda korrupsiyaya qarşı yeni qanunun qəbul edildiyi və regionda islahatların davam etdiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Asiyada komplayens sistemləri genişlənir – yeni trend açıqlanıb — Fins.az — Fins.az