Kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul edilə bilər - Fidan Tofidi

Kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul edilə bilər - Fidan Tofidi

BANK
237

Azərbaycanda kriptovalyutalar bazarının hüquqi tənzimlənməsi istiqamətində mühüm addım atılır. Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyutalar haqqında qanunun ilin sonunadək qəbul ediləcəyini gözləyir. Bununla yanaşı, qurum "Open Banking" (Açıq bankçılıq) layihəsinin genişləndirilməsi və maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqini yeni strateji prioritetlər sırasında müəyyənləşdirib.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib.

O bildirib ki, Mərkəzi Bank kriptoaktivlər bazarının tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edib. Onun sözlərinə görə, virtual aktivlər bazarının hüquqi tənzimlənməsi Mərkəzi Bankın mühüm təşəbbüslərindən biridir və indiyədək bu sahə ölkədə tənzimlənməyib:

"Virtual aktivlər, kriptobazar haqqında qanunun son variantı artıq hazırlanaraq dövlət orqanlarına göndərilib. Hər şey uğurla nəticələnsə, ilin sonunadək kriptovalyutalar haqqında qanunun qəbul ediləcəyini gözləyirik."

Departament direktoru çıxışında "Open Banking" layihəsinin icrasının davam etdirildiyini də qeyd edib:

"Yeni sistem istifadəçilərə müxtəlif bankların ayrı-ayrı mobil tətbiqlərindən istifadə etmədən bütün bank hesablarını vahid platforma üzərindən idarə etmək imkanı verəcək."

F.Tofidi bildirib ki, artıq bütün banklar platformaya inteqrasiya olunub, ekosistemə qoşulan fintex şirkətlərinin sayı isə artmaqda davam edir. O qeyd edib ki, bu proses maliyyə sektorunda sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir və açıq ekosistem fintex şirkətlərinə yeni məhsul və xidmətlər hazırlamaq üçün əlavə imkanlar yaradır.

O əlavə edib ki, Mərkəzi Bank artıq növbəti strateji dövrə hazırlıq işlərinə başlayıb:

"Yeni strategiyada əsas istiqamətlərdən biri maliyyə sektorunun rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi olacaq. AMB mövcud layihələrin icrasını davam etdirməyi, onların əhatə dairəsini genişləndirməyi, eyni zamanda maliyyə sektorunun rəqəmsal yetkinlik indekslərini hazırlamağı planlaşdırır. Bu çərçivədə bank, ödəniş, fintex, sığorta və kapital bazarlarının rəqəmsal yetkinlik səviyyəsi artıq qiymətləndirilib. Çox maraqlı göstəricilər və məlumatlar əldə etmişik. Növbəti strategiya real məlumatlara və aparılmış qiymətləndirmənin nəticələrinə əsaslanacaq."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kriptovalyutalar haqqında qanun ilin sonunadək qəbul edilə bilər - Fidan Tofidi — Fins.az — Fins.az