
Kripto platformalar Açıq Maliyyə çərçivəsində inteqrasiya oluna bilər - AMB
Xarici təşkilatlar, o cümlədən “PayPal” tələblərə cavab verdiyi halda Azərbaycanda “Açıq Bankçılıq” sisteminə qoşula biləcəklər.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdə fəaliyyət göstərən bank filialları da müəyyən tələblərə cavab verdiyi və lazımi lisenziyanı əldə etdiyi təqdirdə “Açıq Bankçılıq” ekosistemində iştirak edə bilərlər. Lakin “Hesab üzrə məlumat xidməti”nə qoşulmaq üçün yalnız qeydiyyatdan keçmək kifayətdir və bu xidmət üçün ayrıca lisenziya tələb olunmur.
AMB rəsmisi qeyd edib ki, kripto investisiya platformalarının da sistemə inteqrasiyası “Açıq Maliyyə” (Open Finance) konsepsiyası çərçivəsində nəzərdən keçirilir.
Bildirilib ki, hazırda Azərbaycanda kriptovalyuta ilə birbaşa ödənişlər mövcud deyil. Lakin gələcəkdə “Açıq Maliyyə” ekosisteminə qoşulan platformalar vasitəsilə istifadəçilərin bank və elektron pul hesablarını inteqrasiya edərək vəsaitlərini müxtəlif hesablar arasında köçürməsi və potensial olaraq kripto hesablarına transfer etməsi mümkün ola bilər.