
ING: Azərbaycanda ÜDM artımı 2026–2027-ci illərdə sürətlənəcək
Niderlandın ING bank qrupu 2028-ci ilə qədər Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.
Fins.az xəbər verir ki, analitiklərin qiymətləndirmələrinə əsasən, Azərbaycanda ÜDM artımının 2026-cı ildə 2,5 faiz, 2027-ci ildə isə 3 faizə qədər sürətlənəcəyi gözlənilir.
Proqnoza görə, 2026-cı ildə rüblər üzrə ÜDM artımı belə olacaq: birinci rübdə 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncü rübdə isə 1 faiz.
2027-ci ildə isə dinamikanın birinci rübdə 3 faiz, ikinci rübdə 3,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3,5 faiz olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə 129,1 milyard manat həcmində ÜDM istehsal olunub və bu göstərici əvvəlki illə müqayisədə 1,4 faiz artıb.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artım qeydə alınıb.
ÜDM-in istehsal strukturunda sənayenin payı 33 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 11,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, tikinti 6,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 5,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə 2,1 faiz, digər sahələr isə 21,7 faiz təşkil edib. Məhsullara və idxala görə xalis vergilərin payı ÜDM-də 9,6 faiz olub.
Məlumata görə, adambaşına düşən ÜDM 12 602,2 manat təşkil edib.
Fuad Mədətov
Fins.az