
Bu ilin I rübündə likvidlik alətlərinə yüksək tələbat qeydə alınıb - AMB
2026-cı ilin I rübündə Azərbaycanda banklar Azərbaycan Mərkəzi Bankının (AMB) həm sterilizasiya, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətlərindən aktiv şəkildə istifadə ediblər.
Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, yanvar–mart ayları ərzində banklar iş günlərinin 100%-də 1 gecəlik depozit daimi imkan alətinə müraciət ediblər. Eyni dövrdə 1 gecəlik əks-repo alətindən istifadə isə günlərin 8%-ni əhatə edib.
Qeyd olunub ki, bu dövrdə banklar tərəfindən orta həcmi 263 milyon manat olan 53 gecəlik depozit əməliyyatı və orta həcmi 275 milyon manat təşkil edən 4 gecəlik əks-repo əməliyyatı həyata keçirilib.
AMB bildirir ki, daimi imkan alətlərinə tələb bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklərdən birbaşa təsirlənib. Bank sistemində likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatların tətbiqi davam etdirilib.
Mərkəzi Bankın açıqlamasında qeyd edilib ki, dövr ərzində daimi imkan alətləri aktiv istifadə olunub və açıq bazar əməliyyatlarının həcmi likvidliyin proqnozlaşdırılması əsasında müəyyənləşdirilib.