
Hindistandan Azərbaycana birbaşa investisiyalar artıb
2025-ci ildə Hindistandan Azərbaycana birbaşa investisiyaların həcmi 56,047 milyon ABŞ dolları təşkil edib.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 12,9 milyon dollar və ya 29,8% artım deməkdir. Hesabat dövründə Hindistandan Azərbaycana yönələn investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,8% olub.
Dövr ərzində Azərbaycandan Hindistan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu qeydə alınmayıb.
Qeyd edilir ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönələn ümumi birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü ilə nisbətən 450,9 milyon dollar və ya 6,4% azalma göstərir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönələn birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilə nisbətən 765,4 milyon dollar və ya 43,4% artım deməkdir.