Fermerlərə şad xəbər: aqro kreditlərə çıxış genişlənir — AMB sədri açıqlayıb

Fermerlərə şad xəbər: aqro kreditlərə çıxış genişlənir — AMB sədri açıqlayıb

BANK
480

Qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda faiz dərəcələrinin tədricən azalması gözlənilir və bu tendensiya kənd təsərrüfatı sektorunda, xüsusilə fermerlərin kredit resurslarına çıxışında müsbət təsir yarada bilər.

Fins.az-ın “Faiz dəhlizinin dəyişməz qalması fonunda fermerlərin aqro kreditlərə çıxışı necə dəyişəcək?” sualını Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırkı gözləntilərə əsasən faiz dərəcələrinin tədricən aşağı düşməsi və bu tendensiyanın növbəti aylarda da davam etməsi ehtimal olunur:

"Qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliklər fonunda bu prosesin davam etməsi kənd təsərrüfatı sektoruna, xüsusilə fermerlərin maliyyə resurslarına çıxış imkanlarına müsbət təsir göstərə bilər."

Mərkəzi Bank sədri əlavə edib ki, kənd təsərrüfatı sahəsi hazırda prioritet istiqamətlərdən biridir və bu sahədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aktiv əməkdaşlıq həyata keçirilir:

"Bu əməkdaşlıq çərçivəsində texnoloji həllərin tətbiqi genişləndirilir, bankların risklərin daha dəqiq qiymətləndirilməsi üçün yeni alətlər üzərində iş aparılır."

T.Kazımov qeyd edib ki, həm subsidiyalar, həm də kreditləşmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müzakirələr davam edir və məqsəd kənd təsərrüfatı sektorunun maliyyə resurslarına çıxışını daha da asanlaşdırmaqdır.

Statistik göstəricilərə görə, Azərbaycanda 2026-cı ilin mart ayında illik inflyasiya 5.6% təşkil edib və baza inflyasiya 5.5% səviyyəsində olub. Eyni dövrdə valyuta bazarında təklif tələbi üstələyib, dollarlaşma səviyyəsi 28%-ə enib, Mərkəzi Bankın valyuta ehtiyatları isə 12.7 milyard ABŞ dollarına çatıb. AZIR dərəcəsi martda 6.47%, apreldə isə 6.44% səviyyəsində formalaşıb.

Mərkəzi Bank sədri vurğulayıb ki, bu makroiqtisadi sabitlik və aparılan islahatlar nəticə etibarilə fermerlərin aqro kreditlərə çıxış imkanlarının genişlənməsinə xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fermerlərə şad xəbər: aqro kreditlərə çıxış genişlənir — AMB sədri açıqlayıb — Fins.az — Fins.az