
Elman Rüstəmov: I rübdə Azərbaycanda banklar biznes kreditləşməni 3,7% artırıblar
2020-ci ilin birinci rübdə Azərbaycanın bank sektoru müsbət dinamika nümayiş etdirib. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.
“Bank sektorunda da müsbət dinamika müşahidə olunur. Rüb ərzində kredit qoyuluşları 2,2% artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə - 3,7%, ipoteka kreditləri 4,2% artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9% azalıb”, - Rüstəmov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
Rüstəmovun sözlərinə görə, bu proseslərlə əlaqədar fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşmasının şahidi oluruq.
“Dollarlaşma fiziki şəxslər üzrə 2,8%, hüquqi şəxslər üzrə 1,4% yüksəlib. Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır”, - Rüstəmov qeyd edib.