
BƏƏ-dən Azərbaycana investisiya axını 404,8 milyon dollar təşkil edib
2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 404,799 milyon ABŞ dolları təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 85,357 milyon dollar və ya 17,4 faiz azalıb.
Məlumata əsasən, BƏƏ-dən daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiya portfelində payı 6,1 faiz səviyyəsində qeydə alınıb.
Qeyd edilir ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönələn ümumi birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu rəqəm ötən illə müqayisədə 450,9 milyon dollar və ya 6,4 faiz azalma deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən investisiyaların həcmi artım göstərib. Belə ki, bu göstərici 2,528 milyard ABŞ dolları təşkil edib və illik müqayisədə 765,4 milyon dollar və ya 43,4 faiz artıb.