Bank xidmətlərində rəqəmsal identifikasiya imkanları genişlənir

Bank xidmətlərində rəqəmsal identifikasiya imkanları genişlənir

BANK
211

Fins.az - “Bank VTB (Azərbaycan)” ASC bank əməliyyatlarının aparılması və bank xidmətlərindən istifadə məqsədilə “ASAN Finans” sistemi və Azərbaycan Kredit Bürosu üzrə razılıq formasını təqdim edir.

Bankın məlumatına görə, bu razılıq əsasında müştəri “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi, iş yeri, ümumvətəndaş pasportu və miqrasiya qeydiyyatı üzrə müəyyən olunan məlumatların Bank VTB (Azərbaycan) ASC-yə təqdim edilməsinə razılıq verir.

Bildirilib ki, razılıq forması ilə müştəri Azərbaycan Kredit Bürosu MMC-də və kredit reyestrini aparan digər təşkilatlarda olan bütün məlumatların Bank VTB (Azərbaycan) ASC tərəfindən əldə edilməsinə və ya həmin təşkilatlara ötürülməsinə, eləcə də bütün məlumatların toplanılmasına və işlənilməsinə icazə verir. Müştəri, həmçinin borc öhdəliyi ilə bağlı olmayan hallar üzrə Azərbaycan Kredit Bürosu MMC-dən və kredit reyestrini aparan digər təşkilatlardan məlumatların əldə olunmasına və işlənilməsinə, eləcə də ona aid məlumatların transsərhəd ötürülməsinə razılıq verir.

Məlumata əsasən, kredit alınması məqsədilə banka müraciət zamanı kamera ilə çəkilişin və səs yazısının aparılmasına etiraz edilmədiyi də razılıq formasında öz əksini tapır.

Bank qeyd edir ki, müştəri seçdiyi məhsul üzrə kreditləşmə qaydaları ilə lazımi qaydada tanış olduğunu təsdiq edir və müvafiq bank xidmətindən istifadə zamanı razılığını müqavilə müddəalarına uyğun şəkildə bildirəcəyini bəyan edir. Eyni zamanda, bu razılıq əsasında əldə edilmiş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada arxivləşdirilməsinə də razılıq verilir.

Razılıq formasının 25 il müddətinə qüvvədə olduğu, yazılı müraciət əsasında isə vaxtından əvvəl ləğv edilə biləcəyi bildirilir.

Bank, həmçinin vurğulayır ki, müştərinin müraciətinə baxılması üçün tələb olunan sənədlərin banka təqdim edilməsi kreditin verilməsi ilə bağlı bank üçün hər hansı öhdəlik yaratmır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank xidmətlərində rəqəmsal identifikasiya imkanları genişlənir — Fins.az — Fins.az