
Bank sektorunda rəqəmsallaşma ilə paralel dələduzluq riski artır - AMB
Rəqəmsallaşmanın sürətlənməsi bank və ödəniş təşkilatlarının biznes portfelinin genişlənməsinə paralel olaraq dələduzluq (fraud) hallarının da artmasına səbəb olur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı tədbirin ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, AMB banklardan daxil olan məlumatlar əsasında ötən ilin üçüncü rübündən etibarən dələduzluq əməliyyatları ilə bağlı statistik göstəricilərin dərcinə başlayıb.
Qeyd edilib ki, ümumi tendensiya rəqəmsallaşma artdıqca bankların və ödəniş təşkilatlarının fəaliyyət həcminin genişləndiyini, bununla paralel olaraq fraud göstəricilərinin də yüksəldiyini göstərir.
E.Cüvarov bildirib ki, ötən ilin ilk iki rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fraud əməliyyatlarında kəskin artım qeydə alınıb.
Onun açıqlamasına əsasən, ölkəxarici fraud əməliyyatlarında əməliyyat sayı daha yüksək, məbləğ isə nisbətən aşağı olur ki, bu da əsasən kart iştirakı olmadan həyata keçirilən elektron ticarət əməliyyatları ilə əlaqədardır.
AMB rəsmisi qeyd edib ki, ölkədaxili dələduzluq hallarının əsas hissəsini sosial mühəndislik və istifadəçilərin manipulyasiyası təşkil edir.
Məlumata görə, bu hallarda hesabların ələ keçirilməsi və vətəndaşların aldadılaraq özləri tərəfindən vəsait köçürülməsi kimi vəziyyətlər müşahidə olunur.
O, beynəlxalq praktikada “authorised push payment” kimi tanınan bu modeldə istifadəçilərin təzyiq və manipulyasiya altında qarşı tərəfə vəsait göndərdiyini bildirib.
E.Cüvarov əlavə edib ki, 2026-cı ilin ilk rübündə ötən ilin dördüncü rübü ilə müqayisədə müəyyən azalma qeydə alınıb.
Onun sözlərinə görə, bu azalma bankların antifraud sistemlərinin təkmilləşdirilməsi, eləcə də AMB, Daxili İşlər Nazirliyi və aparıcı bankların daxil olduğu işçi qrupunun koordinasiyalı fəaliyyəti ilə bağlıdır.