
"Bank of Baku"-nun maliyyə vəziyyəti açıqlandı
Bank of Baku 2020-ci ilin 1-ci rübünü 1 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə ehtiyatlara ayırma ilə əlaqədar olaraq 7 milyon 752 min manat zərər açıqlamışdı.
Fins.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Bank of Bakunun cəmi əməliyyat gəlirləri 16 milyon 109 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 110 min manat təşkil edib.Gəlirlər xərcləri üstələdiyindən Bankın 2 milyon 999 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətindən 81 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 950 min manat mənfəət vergisi ödəyib. Nəticədə, Bank of Baku ilk rübü 1 milyon 968 min manat xalis mənfəət ilə bağlayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar - mart dövründə Bank of Baku-nun cəmi gəlirləri 13 milyon 751 min manat, cəmi xərcləri isə 21 milyon 504 min manat təşkil etmişdi (xərclərin 11 milyon 483 min manatı mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırma idi). Xərclər gəlirləri üstələdiyindən Bank ilk rübü 7 milyon 752 min manat zərər ilə başa vurmuşdu.
GƏLİRLƏRİ ARTIB
2019-cu ilin ilk rübündə Bank of Baku-nun faiz gəlirləri 10 milyon 505 min manat ikən, 2020-ci ilin ilk rübündə 13 milyon 502 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 1 milyon 406 min manatdan 2 milyon 607 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
31 Mart 2020-ci il tarixində Bank of Baku 426 milyon 278 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin sonu ilə müqayisədə 11,8% çoxdur. Bankın müştərilərə verdiyi kreditlər isə 6,2% artaraq 359 milyon 233 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində Bank of Baku 74 milyon 747 min manat məcmu kapitala malik olub.


