
Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara yüksəlib
2026-cı ilin mart ayının sonuna Azərbaycanın cəmi strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin mart ayının sonuna strateji valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 117,4 milyon ABŞ dolları və ya 0,1% artaraq 85,2 milyard ABŞ dollarına çatıb.
Məlumata əsasən, həmin dövrdə Mərkəzi Bankın valyuta ehtiyatları 1,2% və ya 141,9 milyon ABŞ dolları artaraq mart ayının sonuna 11,7 milyard ABŞ dolları təşkil edib.
Qeyd olunub ki, 2026-cı ilin I rübünün sonuna ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edib. Eyni zamanda strateji ehtiyatların manatla pul kütləsini (M2) 3,6 dəfə üstələdiyi bildirilib.
AMB-nin açıqlamasına görə, bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlılığını və borc risklərinin idarəolunan səviyyədə olduğunu nümayiş etdirir.