Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb - Samir Nəsirov

Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb - Samir Nəsirov

BANK
190

2026-cı ilin birinci rübündə Azərbaycanın xarici iqtisadi mövqeyi güclənməkdə davam edib.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirovun tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə verdiyi məlumata görə, hesabat dövründə cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard ABŞ dolları həcmində profisit yaranıb. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 9,5 faizinə bərabər olub.

Onun sözlərinə görə, müsbət xarici sektor göstəriciləri strateji valyuta ehtiyatlarının da artmasına şərait yaradıb. Belə ki, 2026-cı ilin ilk rübünün yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon dollar artaraq 85,2 milyard ABŞ dollarına yüksəlib.

S.Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycan neftinin reallaşmış orta ixrac qiyməti 79,5 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur. Eyni zamanda, ixrac edilən Azərbaycan qazının hər min kubmetrinin orta qiyməti 268 ABŞ dolları olub.

Brifinqdə investisiya göstəricilərinə də toxunulub. Məlumata görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 1,72 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa investisiyaların həcmi 1,11 milyard ABŞ dolları təşkil edib.

AMB rəsmisi qeyd edib ki, ölkənin xarici maliyyə aktivlərindən əldə etdiyi gəlirlər də artım nümayiş etdirib. Belə ki, qiymətli kağızlar portfelindən əldə olunan xalis faiz gəliri ilin ilk rübündə 234 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Pul baratları üzrə göstəricilərə gəlincə, hesabat dövründə Azərbaycana müxtəlif köçürmə sistemləri vasitəsilə 296,9 milyon ABŞ dolları daxil olub. Ən çox vəsait Rusiyadan (110,8 milyon dollar), Türkiyədən (49,9 milyon dollar), İrlandiyadan (24,6 milyon dollar), ABŞ-dən (23,9 milyon dollar) və Böyük Britaniyadan (10,5 milyon dollar) göndərilib.

Bu dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının həcmi isə 103,9 milyon ABŞ dolları təşkil edib. Xaricə köçürmələrin əsas istiqamətləri Türkiyə (28,2 milyon dollar), ABŞ (16,2 milyon dollar), Rusiya (10,2 milyon dollar), Böyük Britaniya (6 milyon dollar) və Gürcüstan (5,6 milyon dollar) olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb - Samir Nəsirov — Fins.az — Fins.az