Azərbaycanın da daxil olduğu Pan-Asiya Enerji Şəbəkəsi layihəsinə 10 milyon dollar ayrılır

Azərbaycanın da daxil olduğu Pan-Asiya Enerji Şəbəkəsi layihəsinə 10 milyon dollar ayrılır

BANK
209

Fins.az - Asiya İnkişaf Bankı (AİB) Pan-Asiya Enerji Şəbəkəsinin yaradılması təşəbbüsünün (Pan-Asia Power Grid Initiative – PAGI) həyata keçirilməsi imkanlarını qiymətləndirir.

Bankın məlumatına görə, təşəbbüs Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Türkiyə və digər ölkələri əhatə edir.

Layihə çərçivəsində transsərhəd enerji layihələrinin müəyyənləşdirilməsi və hazırlanması, enerji sektorunda regional əməkdaşlığın genişləndirilməsi, eləcə də inteqrasiya sahəsində institusional və texniki potensialın gücləndirilməsi nəzərdə tutulur. Müvafiq hökumətlərin razılığı əldə olunduqdan sonra proqramın AİB-in fəaliyyət göstərdiyi bütün üzv ölkələri əhatə etməsi planlaşdırılır.

Təşəbbüsün həyata keçirilməsi məqsədilə AİB-in Xüsusi Texniki Yardım Fondundan 10 milyon ABŞ dolları ayrılması nəzərdə tutulur.

Bankdan bildirilib ki, AİB regional enerji əməkdaşlığı və transsərhəd enerji bağlantıları sahəsində uzunillik təcrübəyə malikdir. Qurum daha əvvəl enerji sistemlərinin əlaqələndirilməsi və regional enerji planlaşdırılması istiqamətində müxtəlif layihələrdə iştirak edib ki, bu da yeni təşəbbüsün həyata keçirilməsi üçün mühüm baza formalaşdırır.

AİB-in 2030-cu il Strategiyasının ortamüddətli icmalında da vurğulanır ki, əlçatan, etibarlı və aşağı karbon emissiyalı enerji təminatının genişləndirilməsi üçün regional əməkdaşlıq və inteqrasiyanın daha da gücləndirilməsinə ehtiyac var.

Bank hesab edir ki, bu məqsədə nail olmaq üçün investisiya baxımından cəlbedici transsərhəd layihələr portfelinin yaradılması, normativ-hüquqi bazanın uyğunlaşdırılması, bazar mexanizmlərinin əlaqələndirilməsi, enerji sistemlərinin texniki uyğunluğunun təmin edilməsi, həmçinin təchizat zəncirlərinin və institusional potensialın gücləndirilməsi vacibdir.

Məlumatda qeyd olunur ki, təklif olunan texniki yardım layihəsi Pan-Asiya Enerji Şəbəkəsinin formalaşdırılması üçün zəruri şərait yaradacaq və regionda enerji inteqrasiyasının sürətlənməsinə töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın da daxil olduğu Pan-Asiya Enerji Şəbəkəsi layihəsinə 10 milyon dollar ayrılır — Fins.az — Fins.az