
Azərbaycanda BOKT-ların kredit portfeli artıb
Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu 2025-ci ilin sonuna olan göstəricilərə əsasən kiçik olaraq qalır.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 89 təşkil edib.
Qeyd olunub ki, BOKT sektorunun aktivlərinə görə bazar payı 2,1% səviyyəsindədir. Son 4 il ərzində 4 BOKT və 1 kredit ittifaqının lisenziyası ləğv edilib, 1 BOKT-yə isə yeni lisenziya verilib.
Hazırda fəaliyyət göstərən BOKT-lərin 14-ü xarici kapitallıdır və onlardan 11-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində sektor üzrə işçi sayı 357 nəfər artaraq 3 903 nəfərə, filialların sayı isə 7 ədəd azalaraq 297-yə düşüb.
2025-ci ildə BOKT sektorunun maliyyə göstəricilərində isə artım qeydə alınıb. Sektorun cəmi aktivləri il ərzində 25% və ya 250 milyon manat artaraq 1,24 milyard manat təşkil edib.
Artım əsasən xalis kredit portfelinin genişlənməsi hesabına baş verib. Belə ki, xalis kredit portfeli 28,8% artaraq 206 milyon manat yüksəlib. Cəmi öhdəliklər isə 26,5% artaraq 679 milyon manat olub.
Məlumata görə, öhdəliklərin artımında əsas təsir edən amillərdən biri rezident maliyyə institutlarından cəlb edilən vəsaitlər olub.