
Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyir – AMB
Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib və ölkənin valyuta ehtiyatlarında artım tendensiyası müşahidə olunub.
Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb. Bildirilib ki, valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə qeydə alınıb.
Qeyd olunur ki, son dövrlərdə valyuta hərraclarında tələbin aşağı düşməsi nəticəsində bazarda təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.
Mərkəzi Bankın məlumatında vurğulanıb ki, nəticədə valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla aprel ayında ehtiyatlar 1 029,7 milyon ABŞ dolları artıb. Eyni zamanda qeyd olunub ki, aprel ayında alınmış 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
Bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarla iştirakını davam etdirəcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.