
Azərbaycanda rəqəmsal ödənişlərin genişlənməsi fintex bazarını böyüdəcək - Zeynal Kərimzadə
Azərbaycanda elektron ticarət bazarı sürətlə böyüməyə davam edir. Epoint şirkəti cari ilin yekununda elektron ticarətin həcminin 90 milyard manata çatacağını proqnozlaşdırır. Şirkət hesab edir ki, rəqəmsallaşma səviyyəsinin aşağı olması fintex sektoru üçün geniş inkişaf imkanları yaradır.
Cari ilin sonunadək Azərbaycanda elektron ticarətin həcminin 90 milyard manata çatacağı gözlənilir.
Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində Epoint şirkətinin direktoru Zeynal Kərimzadə məlumat verib.
O bildirib ki, bu proqnoz bazarın hazırkı inkişaf dinamikasına əsaslanır.
Z.Kərimzadənin sözlərinə görə, 2025-ci ildə elektron ticarətin həcmi 86 milyard manat təşkil edib, 2026-cı ilin yekununda isə bu göstəricinin 90 milyard manata yüksələcəyi gözlənilir. O qeyd edib ki, pandemiyadan sonra elektron ticarət bazarında nəzərəçarpacaq artım müşahidə olunub və bu prosesdə fintex şirkətlərinin inkişafı mühüm rol oynayıb.
Şirkət direktoru bildirib ki, Dövlət Vergi Xidmətinin məlumatına əsasən, Azərbaycanda 882 min aktiv vergiödəyicisi mövcuddur. Onlardan 822 mini kiçik və orta sahibkarlıq (KOB) subyektləridir.
Z.Kərimzadə vurğulayıb ki, hazırda sahibkarlar arasında rəqəmsallaşma səviyyəsi 1 faizdən aşağıdır.
Onun sözlərinə görə, bu vəziyyət fintex şirkətləri üçün böyük imkanlar yaradır. Çünki perspektivdə həmin sahibkarların rəqəmsal xidmətlərə keçəcəyi gözlənilir. O əlavə edib ki, bazarın əhəmiyyətli hissəsi hələ də kartdan-karta köçürmələr, nağd ödənişlər və elektron pul kisələri vasitəsilə həyata keçirilən qeyri-rəsmi hesablaşmaların payına düşür.
Epoint şirkətinin direktoru ümid etdiyini bildirib ki, yaxın illərdə, hətta aylarda bu cür əməliyyatların getdikcə daha böyük hissəsi rəsmi rəqəmsal seqmentə keçəcək. Onun fikrincə, bu proses fintex bazarının inkişafı üçün yeni imkanlar yaradacaq.
Z.Kərimzadə əlavə edib ki, elektron ticarətin həcmi ilə əməliyyatların sayı üzrə artım dinamikası bir-birindən fərqlənir və bu, bazarda müşahidə olunan mövcud inkişaf meyillərini əks etdirir.