
Azərbaycanda qida və xidmətlərdə qiymət artımı inflyasiyanı formalaşdırıb
2026-cı ilin mart ayında Azərbaycanda cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik 5,6% artıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən, eləcə də mövsümi xarakter daşıyan məhsul və xidmətlərin qiymət dəyişmələri nəzərə alınmadan hesablanan baza inflyasiya mart ayında illik 5,5% təşkil edib.
Məlumata əsasən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 6,5% olub. Ərzaq qiymətlərinin inflyasiyaya töhfəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 2,9% səviyyəsində qalıb.
Qida məhsulları üzrə qiymət artımı əsasən süd və süd məhsulları (10,5%) və meyvələr (9,7%) üzrə qeydə alınıb.
Qeyri-qida məhsullarında illik qiymət artımı 3,7% təşkil edib. Bu kateqoriyada ən yüksək artım zərgərlik məmulatlarında 36,6% olub. Qeyri-qida məhsullarının ümumi inflyasiyaya töhfəsi 0,7 faiz bəndindən 0,9 faiz bəndinə yüksəlib.
Xidmət inflyasiyası isə mart ayında 5,7% olub. Mərkəzi isitmə (50%), təbii qaz təchizatı (5,3%), metro ilə sərnişindaşıma (20,0%) və hava nəqliyyatı (13,6%) üzrə qiymət artımları daha çox müşahidə edilib.
Bildirilib ki, istehlak səbətinə daxil olan 566 adda mal və xidmətdən 117-sinin qiyməti illik 4%-dən çox artıb, 7,1% məhsul və xidmətin qiyməti isə azalıb.
AMB-nin qiymətləndirməsinə görə, inflyasiyaya dövlət istehlakı və ev təsərrüfatları birlikdə 1,58 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları 1,93 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2,63 faiz bəndi və nominal effektiv məzənnə 1,30 faiz bəndi artırıcı təsir göstərib. Digər amillər isə 1,85 faiz bəndi azaldıcı təsir formalaşdırıb.