
Azərbaycanda ödəniş kartlarının sayı 22,5 milyona çatıb
Aprel ayının sonuna olan məlumata əsasən, Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.
Göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə 9% artım nümayiş etdirir.
Məlumata görə, ödəniş kartları üzrə strukturda da dəyişikliklər qeydə alınıb. Belə ki, debet kartlarının sayı 11% artdığı halda, kredit kartlarının sayı 11% azalıb.
Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.
2026-cı ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 milyon manat təşkil edib. Bu əməliyyatların 7,969 milyon manatı elektron ticarətin payına düşüb.