
Azərbaycanda Milli Ödəniş Sistemində yeni inkişaf mərhələsi planlaşdırılır
Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) komponentlərinin funksional imkanlarının genişləndirilməsi və əlçatanlığın artırılması nəzərdə tutulur.
Fins.az xəbər verir ki, sənədə əsasən, tədbirin həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankına (AMB) tövsiyə edilir. Prosesə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) da cəlb olunacaq.
Dövlət Proqramında qeyd olunub ki, tədbirlərin icrası 2027–2028-ci illəri əhatə edəcək. İlkin mərhələdə bazar tələblərinə uyğunluğun təhlili aparılacaq, daha sonra ani ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə tədbirlər həyata keçiriləcək.
Sənədə əsasən, yekun nəticə olaraq nağdsız əməliyyatların adambaşına düşən illik sayının 300-ə çatdırılması hədəflənir. Bu göstərici üzrə baza ildə 228 əməliyyat qeydə alınıb.