Azərbaycanda fintex bazarı üzrə ilk vahid hesabat hazırlanır - Eynar Abdullayev

Azərbaycanda fintex bazarı üzrə ilk vahid hesabat hazırlanır - Eynar Abdullayev

BANK
211

Azərbaycan Fintex Assosiasiyası (AzFina) ölkədə fintex sektorunun inkişaf dinamikasını daha şəffaf şəkildə izləmək məqsədilə iştirakçı şirkətlərin məlumatları əsasında vahid sahə hesabatı hazırlayır. Assosiasiya gələcəkdə bazarın əsas göstəricilərini mütəmadi olaraq ictimaiyyətə təqdim etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AzFina-nın İdarə Heyəti sədrinin müavini Eynar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyətləri hər ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifələrində dərc etməyə borcludurlar.

E.Abdullayev bildirib ki, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər üçün də hesabat təqdim etmək öhdəliyi mövcuddur. Lakin həmin məlumatlar Azərbaycan Mərkəzi Bankına təqdim edilir.

O qeyd edib ki, zərurət yarandığı halda AzFina sahə üzrə məlumatların əldə olunmasına dəstək göstərməyə, həmçinin bu məsələ ilə bağlı Mərkəzi Bankla aparılacaq dialoqda vasitəçi kimi çıxış etməyə hazırdır.

AzFina-nın İdarə Heyəti sədrinin müavini vurğulayıb ki, assosiasiya artıq iştirakçı şirkətlərin hesabatlarının toplanması və vahid sahə hesabatının hazırlanması istiqamətində iş aparır.

Onun sözlərinə görə, ilk hesabat dərc edildikdən sonra bazar iştirakçıları və media nümayəndələri sənədə əlavə göstəricilərin daxil edilməsi ilə bağlı öz təkliflərini təqdim edə biləcəklər.

"Biz bu təklifləri şirkətlərlə müzakirə edəcəyik və müvafiq məlumatları hesabatlara daxil etməyə çalışacağıq. Gələcəkdə AzFina sahə hesabatlarında pul köçürmələri, ödənişlər, tərəfdaşlarla əməkdaşlıq, dövriyyənin həcmi və tranzaksiyaların sayı kimi bazar göstəricilərinə dair məlumatları dərc etməyi planlaşdırır", – deyə E.Abdullayev bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda fintex bazarı üzrə ilk vahid hesabat hazırlanır - Eynar Abdullayev — Fins.az — Fins.az