
Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar artıb
2026-cı ilin I rübündə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 14,9% artaraq 4,05 milyard manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata əsasən, ümumi sərmayə qoyuluşunun 2,3 milyard manatı və ya 56,5%-i məhsul istehsalı sahələrinin payına düşüb. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44,6%, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,2% artıb.
Qeyd olunub ki, qeyri-neft-qaz sektoruna qoyulmuş 2,5 milyard manat investisiyanın 0,4 milyard manatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bildirilib ki, investisiyaların 34,3%-i dövlət, 65,7%-i isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların payı ümumi sərmayənin 78,2%-ni təşkil edib.
Məlumata görə, investisiya qoyuluşunun tərkibində sənaye (47,7%), nəqliyyat və anbar təsərrüfatı (22,6%) və tikinti (19,7%) sahələri əsas paya malik olub. Sənaye sektoruna investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artıb. Bu artım əsasən mədənçıxarma və emal sənayesi sahələrinə yönələn sərmayələr hesabına baş verib.