
Azərbaycanda dayanıqlı maliyyə ekosistemi gücləndirilir – AMB yeni hədəfləri açıqlayıb
2026-cı il üçün müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən dayanıqlı maliyyə tədbirləri maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim risklərinin effektiv idarə olunması və yaşıl maliyyə axınlarının təşviqinə yönəlib.
Fins.az xəbər verir ki, bu barədə AMB-nin dayanıqlı maliyyə hesabatında məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə Yol Xəritəsinin icrası çərçivəsində bir sıra əsas hədəflər müəyyən edilib.
Birinci istiqamət dayanıqlı maliyyə sahəsində potensialın formalaşdırılmasıdır. Bu çərçivədə bank sektorunda bilik və bacarıqların artırılması məqsədilə ixtisaslaşmış təlim proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Təlimlərin beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində təşkili qlobal təcrübənin öyrənilməsinə və tətbiqinə imkan yaradacaq. Eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, seminarlar, vorkşoplar və metodoloji dəstək mexanizmləri vasitəsilə maliyyə institutlarının institusional və bilik bazasının gücləndirilməsi planlaşdırılır.
İkinci istiqamət dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılmasıdır. Bu məqsədlə yaşıl istiqraz bazarının inkişafı üçün beynəlxalq standartlara uyğun hüquqi çərçivənin hazırlanması, emissiya və hesabatlılıq tələblərinin müəyyən edilməsi və stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi məqsədilə Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planının hazırlanması və ESİ meyarlarının tətbiqinin təşviqi planlaşdırılır.
Üçüncü istiqamət iqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyasıdır. Bu çərçivədə ESİ Risk Radar Aləti üzrə təlimatın hazırlanması, nəticələrin kredit qərarlarına inteqrasiyası və banklar üçün maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda pilot layihə çərçivəsində tikinti sektoru üzrə kredit təhlili suallarının tamamlanması və alətin prudensial siyasətə inteqrasiyası istiqamətində addımlar atılacaq.
Bununla yanaşı, keçid riskləri üzrə stres-testlərin tətbiqi planlaşdırılır. İlkin mərhələdə “top-down” yanaşma əsasında iqlim siyasəti, karbon qiymətlənməsi və texnoloji transformasiyadan irəli gələn risklərin makroiqtisadi göstəricilər vasitəsilə bank sektoruna təsiri təhlil ediləcək. İqtisadi artım, inflyasiya, faiz dərəcələri kimi əsas göstəricilər üzrə ssenarilər hazırlanacaq və bu ssenarilərin bank sektorunun maliyyə sabitliyinə təsiri qiymətləndiriləcək. Xüsusilə aktiv keyfiyyəti, qeyri-işlək kreditlər, sektorlar üzrə kredit həssaslığı və kapital adekvatlığı üzrə mümkün təsirlər kəmiyyət modelləri ilə ölçüləcək.
Dördüncü istiqamət maliyyə bazarlarında şəffaflığın və bazar intizamının gücləndirilməsidir. Bu çərçivədə dayanıqlı maliyyə üzrə illik hesabatların hazırlanması, vahid açıqlama metodologiyasının formalaşdırılması və Mərkəzi Kredit Reyestrinə istixana qazı emissiyaları üzrə məlumatların inteqrasiyası nəzərdə tutulur.
Qeyd edilib ki, bu tədbirlər maliyyə sektorunda dayanıqlı inkişaf prinsiplərinin daha sistemli tətbiqinə, iqlim risklərinin daha effektiv idarə olunmasına və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edəcək.