Azərbaycanda borclanma artır, amma risklər nəzarətdədir - Şahin Mahmudzadə

Azərbaycanda borclanma artır, amma risklər nəzarətdədir - Şahin Mahmudzadə

BANK
351

Azərbaycan Mərkəzi Bankı əhalinin borclanmasının azaldılmasının əsas hədəf olmadığını, prioritetin borclanmanın sağlam əsaslar üzərində formalaşmasını təmin etmək olduğunu açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əsas prinsip vətəndaşların yalnız ödəyə biləcəkləri həcmdə borc götürməsidir. Azərbaycan Mərkəzi Bankı rəsmisi qeyd edib ki, borclanmanın artması müəyyən qədər aşağı bazadan qaynaqlanır və beynəlxalq təcrübə göstərir ki, gəlirlər artdıqca borclanma da yüksəlir.

Bildirilib ki, ümumi borclanmanın artması normal hesab olunur və əsas məsələ riskli və həssas kreditlərin payının artmamasıdır. Statistikaya əsasən, yüksək borc yükünə malik – yəni 45%-dən yuxarı göstəriciyə sahib seqment üzrə azalma müşahidə olunur.

Eyni zamanda qeyd olunub ki, kredit götürənlərin sayı artıb və daha çox şəxs kiçik məbləğlərlə borclanmağa başlayıb. Belə ki, əvvəllər 41 nəfər borc alırdısa, hazırda bu rəqəm 110 nəfərə çatıb. Bu tendensiya daha təhlükəsiz hesab olunur, çünki az sayda şəxsin böyük məbləğdə borc götürməsi ilə müqayisədə riskləri daha aşağıdır.

Ş.Mahmudzadə vurğulayıb ki, borclanmanın azalması məqsəd kimi müəyyən edilməyib və əsas yanaşma onun sağlam maliyyə əsasları üzərində və müəyyən limitlər çərçivəsində baş verməsidir. Qeyd olunub ki, Mərkəzi Bankın tətbiq etdiyi alətlər və maliyyə-kapital proqramları məhz bu məqsədə xidmət edir və indiyədək kreditləşmə sahəsində gözlənilməz riskli vəziyyət qeydə alınmayıb.

Bununla yanaşı bildirilib ki, Azərbaycanda borclanma səviyyəsi qonşu ölkələrlə müqayisədə daha aşağıdır və bu sahədə dinamika daim diqqətdə saxlanılır.

Eyni zamanda qeyd olunub ki, əhalinin sərəncamda qalan gəlirlərində artım müşahidə edilsə də, borc yükünün bu gəlirlərdəki payı yüksəlməkdə davam edir. Belə ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artaraq 18,4%-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda borclanma artır, amma risklər nəzarətdədir - Şahin Mahmudzadə — Fins.az — Fins.az