Azərbaycanda bank sektorunun depozit portfeli 37,8 milyard manatı ötüb - Zakir Nuriyev

Azərbaycanda bank sektorunun depozit portfeli 37,8 milyard manatı ötüb - Zakir Nuriyev

BANK
218

Azərbaycanda bank sektorunun əsas göstəriciləri üzrə müsbət dinamika davam edir. Kreditləşmə, depozitlər, kapitallaşma və nağdsız ödənişlər sahəsində dayanıqlı artım müşahidə olunur.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, dövlət proqramları çərçivəsində maliyyə resurslarına çıxışın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri olaraq qalır.

Z.Nuriyev bildirib ki, bu istiqamətə aqrar kreditləşmə, aqrar sığorta, subsidiyalar, zəmanətlər, güzəştli kreditləşmə mexanizmlərinin inkişafı və müvafiq institusional alətlərin dəstəklənməsi daxildir.

O qeyd edib ki, hesabat dövründə dövlət fondları tərəfindən müxtəlif istiqamətlər üzrə verilən kreditlərin ümumi həcmi 1,2 milyard manata çatıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti vurğulayıb ki, bank sektorunun depozit portfeli artımını davam etdirərək 37,8 milyard manatı ötüb. Bu göstərici illik müqayisədə 2,8% artım deməkdir.

Onun sözlərinə görə, fiziki şəxslərin depozitləri 18,7% artaraq 17,3 milyard manata yüksəlib. Bu isə əhalinin bank sisteminə etimadının qorunduğunu və bankların resurs bazasının daha da möhkəmləndiyini göstərir.

Z.Nuriyev əlavə edib ki, dollarlaşma səviyyəsində də azalma qeydə alınıb. Belə ki, valyuta depozitlərinin payı 35,7%-ə, valyuta əmanətlərinin payı isə 30,2%-ə enib.

O bildirib ki, bank sektorunun kapitalı da artım nümayiş etdirib. Hesabat dövründə kapitalın həcmi 9,7% yüksələrək 7,7 milyard manata çatıb ki, bu da bankların maliyyə dayanıqlığının gücləndiyini göstərir.

Z.Nuriyev rəqəmsal ödənişlər sahəsində də mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2026-cı ilin ilk dörd ayında ödəniş kartları üzrə əməliyyatların ümumi həcmi 49,4 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

O qeyd edib ki, nağdsız əməliyyatların həcmi 29,9 milyard manatdan 34,5 milyard manata yüksəlib. Nəticədə kart əməliyyatlarında nağdsız ödənişlərin payı 67,1%-dən 69,9%-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda bank sektorunun depozit portfeli 37,8 milyard manatı ötüb - Zakir Nuriyev — Fins.az — Fins.az