
Azərbaycanda bank kartlarının sayı son bir ildə 12% artıb
Fins.az – 2026-cı ilin may ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 min olub.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.
Məlumata görə, hesabat dövründə debet kartlarının sayı 13% artdığı halda, kredit kartlarının sayı 3% azalıb.
AMB bildirir ki, ödəniş kartlarının sayındakı artım ölkədə nağdsız hesablaşmaların həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14% artıb.
Hesabata əsasən, 2026-cı ilin may ayında bank kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,68 milyard manat təşkil edib.
Qeyd edək ki, 31 may 2026-cı il tarixinə Azərbaycanda 22 bank fəaliyyət göstərib. Bankların ümumi filiallarının sayı 499, mübadilə məntəqələri daxil olmaqla şöbələrinin sayı 84, bankomatların sayı isə 3 502 olub.
Hesabat ayında bank sektorunda çalışanların sayı 27 374 nəfər təşkil edib.