Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə dövriyyə 3 dəfədən çox artıb - AMB

Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə dövriyyə 3 dəfədən çox artıb - AMB

BANK
272

Azərbaycanda rəqəmsal ödənişlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi artıq 1 milyard manatı ötüb. Eyni zamanda, AzQR ödənişləri və fintex şirkətlərinin sistemə inteqrasiyası üzrə göstəricilərdə də əhəmiyyətli artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank ödəniş infrastrukturunun inkişafı istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verir.

Ə.Abbasov qeyd edib ki, AMB banklar və fintex şirkətləri ilə birlikdə müştərilər arasında köçürmələrin, AzQR ödənişlərinin, dövlət ödənişləri və hesablaşmalarının Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsini nəzərdə tutan layihələri reallaşdırır:

"Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi artıq 1 milyard manatı ötüb. Bbu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.

Qarşıdakı dövrdə sistemin tətbiq dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. Bu məqsədə QR ödənişlərinin inkişafı, fintex şirkətlərinin birbaşa və dolayı qoşulma modelləri ilə sistemə inteqrasiyası, eləcə də Ani Ödənişlər Sisteminin elektron ticarətdə tətbiqinin genişləndirilməsi hesabına nail olunması nəzərdə tutulur."

Ə.Abbasov bildirib ki, Ani Ödənişlər Sisteminin beynəlxalq inteqrasiyalarının inkişafı istiqamətində də müvafiq işlər davam etdirilir.

AMB rəsmisi fintex şirkətləri ilə əməkdaşlıqdan danışaraq qeyd edib ki, sistemə qoşulmaq üçün artıq həm birbaşa, həm də dolayı qoşulma modelləri formalaşdırılıb:

"Hər bir qoşulma variantının öz parametrləri və xüsusiyyətləri var. Fintex şirkətləri biznes modellərinə uyğun variantı seçir, zəruri inteqrasiyaları həyata keçirir və Ani Ödənişlər Sistemi vasitəsilə əməliyyatlar apara bilirlər. Bu da onların daha operativ fəaliyyət göstərməsinə imkan yaradır."

Ə.Abbasov əlavə edib ki, Mərkəzi Bank AzQR ödənişlərinin istifadəsini fəal şəkildə təşviq edir:

"Bank-emitentlər artıq mobil tətbiqlərində AzQR ödənişləri funksiyasını təmin ediblər. Bu imkan bir sıra fintex şirkətlərində də tətbiq olunub, digər şirkətlər isə müvafiq funksionallığın tətbiqini davam etdirirlər. AzQR texnologiyası artıq POS-terminallar şəbəkəsinin əhəmiyyətli hissəsində dəstəklənir. Bunun nəticəsində bankların və fintex şirkətlərinin mobil tətbiqlərindən istifadə edən müştərilər QR kod vasitəsilə ödəniş həyata keçirə bilirlər. Ani Ödənişlər Sistemi vasitəsilə emal olunan AzQR ödənişləri üzrə aylıq dövriyyə 40 milyon manata yaxınlaşıb. Bu göstərici illik müqayisədə 30 dəfədən çox artıb."

AzQR-in beynəlxalq kart ödəniş sistemlərinin bazardakı mövqeyinə təsiri ilə bağlı suala cavab verən AMB nümayəndəsi vurğulayıb ki, AzQR alternativ ödəniş üsuludur:

"AzQR-dən istifadə müştərilərin seçimindən və vərdişlərindən asılıdır. Biznes və ekvayr-banklar üçün bu alət müəyyən üstünlüklər yaradır. Komissiyalar daha aşağıdır, ödənişlər üzrə hesablaşmalar isə faktiki olaraq ani həyata keçirilir."

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Ani Ödənişlər Sistemi üzrə dövriyyə 3 dəfədən çox artıb - AMB — Fins.az — Fins.az