
Azərbaycanda altı aylıq inflyasiya 5,7 faiz olub
Fins.az – 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 5,7 faiz təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində dərc olunan məlumatda bildirilib.
Məlumata əsasən, hesabat dövründə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,7 faiz artıb.
Komitənin məlumatına görə, 2025-ci ilin iyun ayı ilə müqayisədə illik inflyasiya 5,8 faiz olub. Eyni zamanda, 2026-cı ilin iyun ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz azalıb.
Bildirilib ki, iyun ayında əvvəlki ayla müqayisədə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz azalıb, ötən ilin eyni ayı ilə müqayisədə isə 7,1 faiz artıb.
Hesabat dövründə qarabaşaq yarması, toyuq əti, yoğurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağbaş kələm, soğan, qazlı və qazsız su bahalaşıb. Eyni zamanda, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yaşıl lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonlar bahalaşıb, məişət texnikası və zərgərlik məmulatları isə ucuzlaşıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik müşahidə edilməyib.
Komitə bildirib ki, 2026-cı ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 5,6 faiz artıb.
Məlumata görə, iyun ayında beynəlxalq sərnişin hava daşımaları və ölkədaxili turizm turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişiklik qeydə alınmayıb.