
Azərbaycan yeni qlobal rəqəmsal layihədə — AİB təşəbbüsü genişlənir
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da daxil olduğu Asiya və Sakit okean regionunu əhatə edən yeni texniki yardım layihəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, “Asiya və Sakit okean regionunda dayanıqlılıq, infrastruktur, məlumat və açıq tənzimləmələr vasitəsilə sərhədlərarası imkanlar (CORRIDOR)” adlı təşəbbüs regionda rəqəmsal inteqrasiyanın gücləndirilməsinə yönəlib.
Layihə çərçivəsində Azərbaycanla yanaşı Banqladeş, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da iştirak edəcək.
AİB tərəfindən 1 milyon ABŞ dolları həcmində maliyyələşdirilən texniki yardım proqramı regionda təhlükəsiz, inklüziv və qarşılıqlı işlək rəqəmsal infrastrukturun formalaşdırılmasını hədəfləyir. Layihə Asiya-Sakit okean Rəqəmsal Magistralı (APDH) təşəbbüsünün əməliyyat mexanizmi kimi çıxış edəcək.
Təşəbbüs çərçivəsində fiber-optik şəbəkələrin genişləndirilməsi, məlumat mərkəzlərinin qurulması, bulud xidmətlərinin inkişafı və rəqəmsal ictimai infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda sərhədlərarası ticarətin rəqəmsallaşdırılması, “ağıllı sərhəd” sistemlərinin tətbiqi, kibertəhlükəsizlik və məlumat idarəçiliyi üzrə vahid qaydaların hazırlanması da planlaşdırılır.
Layihə həmçinin region ölkələri arasında rəqəmsal siyasətlərin uyğunlaşdırılması, innovasiya ekosistemlərinin inkişafı və süni intellekt əsaslı həllərin tətbiqini dəstəkləyəcək.
AİB-in açıqlamasına görə, təşəbbüsün əsas məqsədi ölkələrin sərmayəyə hazır rəqəmsal dəhliz modelləri, gücləndirilmiş tənzimləyici çərçivə və institusional potensial formalaşdırmasına dəstək verməkdir. Layihədə gender bərabərliyi və inklüzivlik də əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.