
Azərbaycan xarici mövqeyini qoruyub saxlayır, valyuta sabitliyi etibarlıdır - ING Group
Azərbaycanın manatının dollara nisbətdə sabit məzənnəsinin ləğvi riskləri azalıb.
Fins.az xəbər verir ki, bu barədə Niderlandın "ING Group" şirkətinin son hesabatında qeyd edilib.
Hesabata görə, 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3,5 milyard ABŞ dollarına qədər azalıb. Bu, neft qiymətlərinin enməsi və idxalın güclü artımı ilə bağlıdır. Lakin Yaxın Şərqdə müharibənin başlanması və neft qiymətlərinin artması fonunda manatın dollara bağlılığının ləğvi riskləri azalıb. "ING" 2026-cı il üçün "Brent" neftinin qiymət proqnozunu bir barel üçün 82 dollara yüksəldib və ölkənin cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 6–7%-ni təşkil edəcəyini gözləyir.
Analitiklər bildirirlər ki, Azərbaycanın xarici mövqeyi güclü olaraq qalır. Yanacaq ixracından əldə edilən illik gəlirlər neftin hər bareli üçün təxminən 300 milyon dollar təşkil edir, suveren aktivlər isə ÜDM-in təxminən 115%-ni əhatə edir. Bu göstəricilər, hətta neft qiymətləri müvəqqəti aşağı düşdüyü hallarda belə, manatın 1,70 səviyyəsində sabit qalmasına imkan verir.
Hesabatda həmçinin vurğulanır ki, Azərbaycanın fundamental göstəriciləri müsbətdir, reytinqləri investisiya səviyyəsində qalır və "Moody’s" müsbət proqnozu saxlayır. Eyni zamanda, ölkə enerji daşıyıcılarının qiymətlərinin artımından faydalanan tərəf olaraq fiskal və xarici balansını möhkəmləndirir, Ermənistanla sülh nizamlanması prosesi isə əlavə müsbət amil kimi qiymətləndirilir.