
Azərbaycan şirkətlərinə təcili maliyyə dəstəyi göstəriləcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə dəstəyi gücləndirəcək. Belə ki, ölkə iqtisadiyyatı koronavirus (COVID 19) pandemiyası və dünya bazarında neftin ucuzlaşması problemləri ilə üzləşib. Bu barədə AYİB-in məlumatında deyilir.
“Bu məsələ iqtisadiyyat naziri Mikayıl Cabbarov, AYİB-in Şərqi Avropa və Qafqaz region üzrə direktoruMatteo Patrone, AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlinvə bankın Azərbaycan nümayəndəliyinin rəhbəriİvana Duarte arasında telefon danışığı zamanı müzakirə olunub. AYİB rəsmiləri koronavirusun nəticələrinin aradan qaldırılmasında Azərbaycan şirkətlərinə kömək etmək üçün təcili yardım ayırmağa söz veriblər”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AYİB koronavirus pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün bankın üzvü olan ölkələrə 1 milyard avro ayırıb.
Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində biznesə və əhaliyə dəstəyin göstərilməsi üçün 2,5 milyard manat (ÜDM-nin 3,1%-i) məbləğində vəsait yönəltmək niyyətində olduğunu bildirib.