
Azərbaycan kapital bazarlarında yeni nəzarət mexanizmləri tətbiq olunacaq - AMB
Azərbaycan Mərkəzi Bankı (Azərbaycan Mərkəzi Bankı) “2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı”nda kapital bazarlarının inkişafı istiqamətində növbəti addımları açıqlayıb.
Fins.az-ın məlumatına görə, sənəddə IOSCO prinsiplərinə uyğunluğun təmin edilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bununla yanaşı, klirinq və hesablaşma funksiyalarını həyata keçirən əsas infrastruktur elementi kimi Mərkəzi Kontragent İnstitutunun (MKİ) yaradılması potensialının qiymətləndirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, investisiya fondları üzrə tənzimləyici çərçivənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırılması, təkmilləşdirilmiş nəzarət planının hazırlanması və nəzarət alətlərinin, məlumat mənbələrinin və təhlil metodlarının yenidən nəzərdən keçirilməsi planlaşdırılır. Bu çərçivədə “SupTech” həllərinin tətbiqi də diqqət mərkəzindədir.
Eyni zamanda kapital bazarlarında risk əsaslı nəzarət çərçivəsinin hazırlanması və tətbiqi də prioritet istiqamətlərdən biri kimi qeyd olunur.
Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” 2025-ci ildə 85,6% icra olunub. Bu dövrdə bank sektoru üzrə icra 86,3%, sığorta sektoru üzrə 80%, kapital bazarları üzrə 84,6%, ödəniş sektoru üzrə 86,5%, rəqəmsal maliyyə üzrə 84,7%, dayanıqlı maliyyə üzrə 100%, peşəkar inkişaf və maliyyə məlumatlılığı üzrə isə 85,7% təşkil edib.