Azərbaycan beynəlxalq yükdaşımaları iki dəfə artırmağı hədəfləyir – Vüqar Bayramov

Azərbaycan beynəlxalq yükdaşımaları iki dəfə artırmağı hədəfləyir – Vüqar Bayramov

BANK
96

Fins.az - Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın nəqliyyat və logistika sahəsində strateji hədəflərinə toxunub. Dövlət başçısı ölkə ərazisindən daşınan yüklərin həcminin iki dəfə artırılmasının prioritet istiqamət olduğunu bildirib.

Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib ki, bu hədəfin reallaşması Azərbaycanın tranzit və logistika gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.

Rəqəmlərə əsasən, 2025-ci ildə dəmir yolları ilə daşınan ümumi yük həcmi 16 milyon 813 min ton təşkil edib, bunun 14 milyon 269 min tonu beynəlxalq daşımaların payına düşüb. Beynəlxalq yüklərdən əldə edilən gəlir isə 333 milyon 911 min manat olub. Hava nəqliyyatı üzrə yükdaşımalardan isə 2 milyard 398 milyon manat gəlir əldə edilib və bunun demək olar ki, hamısı beynəlxalq əməliyyatların payına düşüb.

Eyni dövrdə dəniz nəqliyyatı üzrə 57 milyon 382 min manat, boru kəmərləri üzrə 266 milyon 560 min manat, avtomobil daşımaları üzrə isə 204 milyon 275 min manat gəlir qeydə alınıb.

Cari ilin ilk rübü də artım dinamikasının davam etdiyini göstərir. Belə ki, dəmir yolu ilə yükdaşımalardan 96 milyon 49 min manat, hava nəqliyyatı üzrə isə 571 milyon 292 min manat gəlir əldə olunub.

Ümumi göstəricilərə əsasən, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manata çatıb. Proqnozlara görə, daşınan yüklərin həcminin iki dəfə artması Azərbaycanın tranzit gəlirlərini təxminən 7 milyard manata qədər yüksəldə bilər ki, bu da ölkənin iqtisadi şaxələndirilməsinə və dövlət gəlirlərinin artmasına ciddi töhfə verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan beynəlxalq yükdaşımaları iki dəfə artırmağı hədəfləyir – Vüqar Bayramov — Fins.az — Fins.az