Azərbaycan bank kartları ilə qeyri-rəsmi qumar ödənişi mümkün deyil - AMB

Azərbaycan bank kartları ilə qeyri-rəsmi qumar ödənişi mümkün deyil - AMB

BANK
423

Azərbaycan Mərkəzi Bankı (AMB) onlayn mərc və kazino oyunları ilə bağlı qeyri-qanuni ödənişlərin qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan bank kartları vasitəsilə rəsmi olmayan onlayn mərc və qumar oyunlarına birbaşa ödəniş etmək mümkün deyil.

“Bu gün siz Azərbaycan kartı ilə hər hansı rəsmi onlayn mərc və ya qumar oyununa ödəniş edə bilməzsiniz. Biz həmin beynəlxalq kodları bağlamışıq”, – deyə AMB sədri bildirib.

Bununla belə, Taleh Kazımov qeyd edib ki, bəzi hallarda qeyri-qanuni platformalar ödənişləri gizlətmək üçün digər fəaliyyət sahələrinə aid kodlardan istifadə edir.

“Bəzi onlayn kazinolar başqa sahələrin, məsələn, apteklərin kodu ilə işləyir. Bank bunu birbaşa görə bilmir, sadəcə müştərinin hansısa yerə ödəniş etdiyini görür”, – deyə o vurğulayıb.

AMB sədri bildirib ki, bu cür əməliyyatların aşkar edilməsi banklar üçün daha mürəkkəb və analiz tələb edən prosesdir. Banklar müştərinin əməliyyat davranışına əsaslanaraq ödənişlərin mahiyyətini müəyyən etməlidir.

T.Kazımov əlavə edib ki, qaydaların daha da sərtləşdirilməsi mümkündür, lakin bu, vətəndaşlar üçün əlavə məhdudiyyətlər və çətinliklər yarada bilər.

“Çox sərt yanaşsaq, vətəndaş bezə bilər, kartlar bloklana, tez-tez yoxlamalar aparıla bilər”, – deyə o bildirib.

AMB sədri qeyd edib ki, əsas məqsəd bankların effektiv daxili nəzarət mexanizmləri qurması və qeyri-qanuni ödənişlərin qarşısının alınmasıdır. Onun sözlərinə görə, bu sahədə əsas sual vətəndaşların niyə rəsmi lisenziyalı platformalar əvəzinə qeyri-rəsmi kanallara yönəlməsidir və bu amillər aydınlaşdırıldıqdan sonra əlavə məhdudiyyətlərin tətbiqi barədə qərar verilə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan bank kartları ilə qeyri-rəsmi qumar ödənişi mümkün deyil - AMB — Fins.az — Fins.az