
Anti-frod strukturları bir çox banklarda tam formalaşmayıb - AMB rəsmisi
Azərbaycan Mərkəzi Bankı banklara minimum data indikatorları ilə bağlı yeni tövsiyələrin hazırlanması istiqamətində işləri davam etdirir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası adlı beynəlxalq tədbirin ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, anti-frod sahəsində ilkin mərhələdə əsas diqqət normativ tələblərin və nəzarət mexanizmlərinin formalaşdırılmasına yönəldilməlidir. Bununla yanaşı, bankların daxili anti-frod strukturlarının paralel şəkildə gücləndirilməsi vacib hesab olunur.
E.Cüvarov bildirib ki, bir çox təşkilatlarda, aparıcı banklar istisna olmaqla, anti-frod strukturları hələ tam formalaşmayıb və əksər hallarda bu funksiyalar müxtəlif bölmələr arasında bölünərək sistemsiz şəkildə idarə olunur. Bu isə effektivliyi azaldır. Onun sözlərinə görə, ilk növbədə insan resursları gücləndirilməli və ayrıca anti-frod strukturları yaradılmalıdır, çünki hər bir təşkilat öz anti-frod siyasətini ayrıca formalaşdırmalıdır və struktursuz yanaşma səmərə vermir.
Elvin Cüvarov həmçinin “data governance” məsələlərinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə banklara beynəlxalq praktikaya uyğun minimum məlumat indikatorlarının tətbiqi ilə bağlı tövsiyələr verməyi planlaşdırır.
Onun sözlərinə görə, cihazların müştəri ilə əlaqələndirilməsi üçün müxtəlif məlumat indikatorlarının toplanması vacibdir. Bu indikatorlar arasında MAC ünvanları da yer alır, lakin cihazların root və ya jailbreak edilməsi hallarında MAC ünvanının dəyişdirilə bilməsi məlumatın etibarlılığını azalda bilər. Buna görə də müxtəlif data kombinasiyalarından istifadə zəruri hesab olunur.
Baş mütəxəssis əlavə edib ki, cihaz dəyişdirilməsi və oxşar risklərin qarşısının alınması üçün biometrik autentifikasiya metodlarına keçidin təşviqi vacibdir. Onun sözlərinə görə, mövcud gücləndirilmiş müştəri autentifikasiya üsulları fırıldaqçılıq hallarının qarşısını tam şəkildə ala bilmir.
O vurğulayıb ki, SMS kod və kart məlumatları artıq geniş şəkildə əldə edilə bilir və istifadəçilər bəzən bu məlumatları phishing hücumları nəticəsində könüllü və ya bilməyərəkdən paylaşırlar. Buna görə də biometrik autentifikasiya metodları daha etibarlı müdafiə mexanizmi kimi çıxış edə bilər.