AMB maliyyə sabitliyi üçün yeni tənzimləmə modelini açıqlayıb

AMB maliyyə sabitliyi üçün yeni tənzimləmə modelini açıqlayıb

BANK
167

Azərbaycan Mərkəzi Bankı maliyyə sabitliyinin gücləndirilməsi üçün vahid “compliance” (uyğunluq) ekosisteminin formalaşdırılmasını zəruri hesab edir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası adlı beynəlxalq tədbirin ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müasir dövrdə nəzarət və tənzimləyici orqanların təcrid olunmuş şəkildə fəaliyyəti mümkün deyil və ənənəvi “sərt nəzarətçi” modelinin dövrü artıq geridə qalıb. O qeyd edib ki, fintex texnologiyaları, virtual aktivlər və süni intellektin sürətli inkişafı tənzimləyici yanaşmanın transformasiyasını zəruri edir.

Z.Hacılı bildirib ki, Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələri daxil olmaqla makroregional səviyyədə “compliance” yanaşmalarında fərqlər mövcuddur. Bu fərqlər normativ baza və tətbiq mexanizmlərində özünü göstərir və nəticədə tənzimləyici arbitraj və “boz zonalar” formalaşır. Bu isə beynəlxalq investorlar və müxbir banklar üçün ölkə riskini artırır.

O qeyd edib ki, investorlar artıq ayrı-ayrı ölkələrdən çox bütövlükdə regionu qiymətləndirir və maliyyə dayanıqlılığına regional miqyasda yanaşırlar. Buna görə də vahid “compliance” ekosisteminin formalaşdırılması vacib hesab olunur. Bu ekosistem beynəlxalq standartların, korporativ uyğunluq mədəniyyətinin, yüksək texnoloji həllərin və ölkələrarası sinxronlaşdırılmış qaydaların tətbiq olunduğu adaptiv mühit kimi çıxış etməlidir.

Zaur Hacılı vurğulayıb ki, müasir “compliance” qaydaları artıq yük kimi deyil, əksinə rəqabət üstünlüyü yaradan amil kimi qəbul olunmalıdır. Onun sözlərinə görə, bu yanaşma dörd əsas sütuna əsaslanır və bunlardan biri beynəlxalq standartlar, xüsusilə FATF tövsiyələri və risk əsaslı yanaşmadır.

O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı qanunvericilikdə Avropa İttifaqının bir sıra direktivlərinin elementlərini də nəzərə alır və tətbiq edir. Z.Hacılı bildirib ki, mövcud geosiyasi şərait və beynəlxalq sanksiya rejimləri fonunda tənzimləyici yanaşmalar daha prinsipial olmalıdır. Onun sözlərinə görə, maliyyə sistemi qlobal sistemin bütövlüyünə uyğun olmalı və sistemli risklərdən uzaq tutulmalıdır.

Departament direktoru qeyd edib ki, ikinci sütun tənzimləyici rəqəmsal həllərdir. O bildirib ki, regionda toplanan böyük həcmli məlumatların əl ilə təhlili mümkün olmadığından SupTech texnologiyalarının tətbiqi genişləndirilir.

Z.Hacılı həmçinin bildirib ki, innovasiyaların məqsədi onların məhdudlaşdırılması deyil, təhlükəsiz şəkildə inkişafının təmin olunmasıdır. Bu çərçivədə kibertəhlükəsizlik, AML/CFT və istehlakçı hüquqlarının qorunması prioritet istiqamətlər kimi çıxış edir.

Onun sözlərinə görə, yeni tənzimləmə yanaşması çərçivəsində xüsusi rejimlər vasitəsilə innovativ texnologiyalar sınaqdan keçirilir və bu da ölkədə texnoloji inkişaf üçün əlverişli mühit yaradır.

Z.Hacılı əlavə edib ki, üçüncü və ən vacib sütun “compliance” mədəniyyətidir və bu, korporativ etikanın əsas komponentlərindən biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AMB maliyyə sabitliyi üçün yeni tənzimləmə modelini açıqlayıb — Fins.az — Fins.az