
AMB bank sektorunda yeni islahat planlarını açıqlayıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı (Azərbaycan Mərkəzi Bankı) “2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişaf Strategiyasının 2025-ci il üzrə icra statusu”na dair hesabatında bank sektorunun inkişafı üzrə növbəti addımları açıqlayıb.
Fins.az-ın məlumatına görə, sənəddə risk əsaslı tənzimləmə və nəzarət modelinə uyğun olaraq nəzarət proseslərinin təkmilləşdirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib.
Hesabatda bank nəzarəti çərçivəsinin Bazel Komitəsi prinsiplərinə uyğunlaşdırılması və uzunmüddətli likvidliyin idarə edilməsinə dair tələblərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda bank rezolyusiyası üzrə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, ICAAP (daxili kapital adekvatlığı qiymətləndirmə prosesi) tələblərinin hazırlanması və banklara dəstək tədbirləri planlaşdırılır.
Sənəddə həmçinin alternativ maliyyə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və uyğunlaşdırılması, eləcə də bəzi SupTech həllərinin tətbiqi də nəzərdə tutulur.
Bundan başqa, Mərkəzi Bank İslam bankçılığı məhsullarına çıxışın genişləndirilməsi istiqamətində imkanların qiymətləndirilməsini, eləcə də kənd təsərrüfatı şirkətlərinin maliyyələşdirilməsinin artırılmasını hədəfləyir. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB-lar) dəstəyin gücləndirilməsi prioritet istiqamət kimi qeyd olunub.