Abbas İbrahimov “Bank BTB” aktivlərinin ABB-yə ötürülməsinin detalllarını açıqlayıb

Abbas İbrahimov “Bank BTB” aktivlərinin ABB-yə ötürülməsinin detalllarını açıqlayıb

BANK
439

“Bank BTB” ASC-nin təxminən 295 milyon manatlıq aktivləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.

Fins.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın Dayanıqlı İnkişaf Hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl “Bank BTB”dən əmanətlərin transferi ilə bağlı ABB-yə müraciət daxil olub. Eyni zamanda bu istiqamətdə Azərbaycan Mərkəzi Bankının (AMB) da müraciəti olub.

Abbas İbrahimov qeyd edib ki, sözügedən təşəbbüs ABB-nin strateji inkişaf planına və aktivlərin artırılması hədəflərinə uyğun gəlib:

“295 milyon manatlıq aktivin əsas hissəsini 250 milyon manatlıq kredit portfeli təşkil edir. Həmin portfelin 70%-i, yəni təxminən 180 milyon manatı ipoteka kreditləridir. İpoteka kreditləri sahəsində kifayət qədər təcrübəmiz olduğu üçün bu portfel bizim üçün maraqlı idi. Portfeli qiymətləndirdik və razılığa gəldik”, – deyə o bildirib.

Bank sədri əlavə edib ki, aktivlərin böyük hissəsinin ötürülməsi artıq başa çatıb. Hazırda dövlət fondları ilə bağlı prosedurlara görə portfelin kiçik hissəsinin transferində müəyyən gecikmələr qalır.

“Biz istəyirik ki, prosesi mayın sonuna, uzağı isə iyun ayında tam yekunlaşdıraq”, – deyə Abbas İbrahimov vurğulayıb.

ABB rəhbəri bildirib ki, “Bank BTB”nin yalnız aktivləri deyil, öhdəlikləri də ABB-yə ötürülüb. Bu çərçivədə müştərilərin depozit və cari hesabları da tam şəkildə banka keçib.

Onun sözlərinə görə, proses həm ABB, həm də AMB üçün olduqca həssas məsələ hesab olunub və transfer maksimal şəkildə problemsiz təşkil edilib:

“Bir neçə gün ərzində həm cari, həm də depozit hesabları ötürüldü. Təxminən 13 min müştərinin 20 min hesabından söhbət gedir. Müştərilərə təklif etdik ki, istəsələr, vəsaitlərini faizləri ilə birlikdə nağd şəkildə geri qaytara bilərik. Amma hamısı ABB müştərisi olmaq istədiyini bildirdi”, – deyə o qeyd edib.

Abbas İbrahimovun sözlərinə görə, bu proses bank sektoruna olan etimadın göstəricisidir:

“Burada söhbət həm də bank sektoruna inamdan gedir. Müştərilər ABB-yə keçidi üstünlük kimi qiymətləndirdi”, – deyə bankir əlavə edib.

Qeyd edək ki, ABB-nin açıqladığı Dayanıqlı İnkişaf Hesabatında Bankın pərakəndə və korporativ biznes göstəricilərində də artım qeydə alındığı bildirilib. Hesabata əsasən, 2025-ci ildə ABB-nin aktiv pərakəndə müştəri bazası 15%, aktiv korporativ müştərilərinin sayı isə 12% artıb.

Fuad Mədətov

Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Abbas İbrahimov “Bank BTB” aktivlərinin ABB-yə ötürülməsinin detalllarını açıqlayıb — Fins.az — Fins.az