ABB yeni rəqəmsal ekosistem qurur: səyahət, alış-veriş və kredit bir platformada

ABB yeni rəqəmsal ekosistem qurur: səyahət, alış-veriş və kredit bir platformada

BANK
193

ABB yaxın gələcəkdə elektron ticarət imkanlarını genişləndirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə ABB Bankın Ofis rəhbəri Mehmet Ali Savaş Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, ABB 2024-cü ilin sonundan etibarən süni intellekt texnologiyalarını ilk olaraq müştəri dəstəyi sahəsində tətbiq etməyə başlayıb və qısa müddətdə əhəmiyyətli nəticələr əldə edib.

Mehmet Ali Savaş bildirib ki, hazırda sualla müraciət edən müştərilərin təxminən 70 faizi birbaşa süni intellekt vasitəsilə cavablandırılır və bu prosesdə müştəri xidmətləri əməkdaşlarının əlavə müdaxiləsinə ehtiyac qalmır.

O qeyd edib ki, ABB artıq maliyyə əməliyyatlarının da süni intellekt vasitəsilə həyata keçirilməsi istiqamətində mühüm mərhələyə çatıb.

ABB rəsmisinin sözlərinə görə, bu sahədə dünya təcrübəsi ilə müqayisədə bankın mövqeyi kifayət qədər güclüdür və əldə olunan nəticələr Azərbaycanın maliyyə sektoru üçün əhəmiyyətli nailiyyət hesab oluna bilər.

Mehmet Ali Savaş vurğulayıb ki, sistem tamamilə lokal infrastruktur üzərində qurulub və məlumatların ölkə xaricinə ötürülməsinə imkan verilmir.

Onun sözlərinə görə, Azərbaycanda yerləşən GPU infrastrukturu vasitəsilə daxil olan sorğular emal edilir, müştərinin tələbi müəyyənləşdirilir və uyğun cavab təqdim olunur.

ABB nümayəndəsi bildirib ki, bankın əsas məqsədi yalnız maliyyə xidmətləri göstərmək deyil, eyni zamanda müştərilərin gündəlik həyat təcrübəsini dəyişən rəqəmsal həllər təqdim etməkdir.

Bu istiqamətdə ABB tərəfindən yeni “DigiTravel” layihəsinə start verilib. Məlumata görə, layihə çərçivəsində artıq 300-dən çox bilet satılıb və istifadəçilər ABB Mobile tətbiqi vasitəsilə birbaşa aviabilet əldə edə bilirlər.

O əlavə edib ki, yaxın vaxtlarda tədbir və əyləncə sektorunu əhatə edən yeni platforma da istifadəyə veriləcək. Platforma istifadəçilərə həftəsonu planlarını qurmaq, konsert və digər tədbirlərə biletlər almaq imkanı yaradacaq.

Mehmet Ali Savaş qeyd edib ki, ABB bu xidmətlərin hamısını süni intellekt texnologiyaları vasitəsilə vahid ekosistemdə birləşdirməyi hədəfləyir.

Onun sözlərinə görə, məqsəd müştərilərə səyahət, hotel rezervasiyası, tədbir biletləri və kreditləşdirmə imkanlarını bir platforma üzərindən təqdim etməkdir.

ABB rəsmisi bildirib ki, bank yaxın gələcəkdə elektron ticarət imkanlarını da genişləndirəcək. Planlara əsasən, növbəti rübün sonuna qədər ABB Mobile tətbiqində yalnız aviabilet və tədbir biletlərinin deyil, müxtəlif məhsulların da satışı həyata keçiriləcək.

Qeyd olunub ki, istifadəçilər platforma üzərindən smartfonlar, məişət texnikası və digər məhsulları əldə edə biləcəklər.

Mehmet Ali Savaş vurğulayıb ki, süni intellekt texnologiyaları istifadəçilərə ən uyğun məhsulların seçilməsində də dəstək göstərəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABB yeni rəqəmsal ekosistem qurur: səyahət, alış-veriş və kredit bir platformada — Fins.az — Fins.az